Eldəniz Quliyev: “Şübhə etmirəm ki, o cür adamların Həcc ziyarəti də qəbul olunmur”
Sabiq millət vəkili Qalib Salahzadənin bu günlərdə mediaya verdiyi açıqlama böyük marağa səbəb olub. Açıqlamasında özü ilə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev arasında paralellik aparan Q.Salahzadə, neft milyonçusu kimi dəbdəbəli evə sahib olduğu üçün tarixdə qalacağını bildirib. Keçmiş millət vəkili Həcc ziyarətlərinin rekord sayda olmasının da onu tarixiləşdirəcəyi qənaətindədir.
Maraqlıdır, doğrudanmı H.Z.Tağıyevin tarixdə qalmasına səbəb sadəcə tikdirdiyi evdir? Xalqın rifahı, təhsili, sosial təminatı üçün milyonlar sərf edən Tağıyevin xeyirxahlığı doğrudanmı bu məsələdə heç bir rol oynamayıb? Ümumiyyətlə, tarixdə qalmaq üçün bahalı villaya və onlarla kəs Həcci ziyarət etmək yetərlidirmi?
24saat.org-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri, H.Z.Tağıyevin həyatından bəhs edən və hələlik ekranlaşmayan “ATA” filminin ssenari müəllifi Eldəniz Quliyev məsələyə bu cür yanaşmağın tamamilə yanlış və qüsulu olduğunu bildirib:
“Hesab edirəm ki, adıçəkilən şəxsin özünü Millət Atası, hər bir azəri türkünün qürur duyduğu əvəzsiz şəxsiyyət Hacı Zeynalabdin Tağıyevlə müqaisə etməsi onun psixoloji durumunun hansı vəziyyətdə olmasından xəbər verir. Bəli, Hacı Z.Tağıyev də evlər, mülklər və s. tikdirirdi. Amma o, bunu xalq üçün, milləti üçün edirdi.O, yüzlərlə kasıb-kusub balalarını oxutdururdu. Saysız-hesabsız insanlara sözün birbaşa mənasında çörək verirdi. Məktəblər, müalicə müəssisələri açdırırdı. Bir sözlə, Tağıyevin öz milləti üçün etdiklərini yazmaqla qurtarmaz. Hələ zaman-zaman erməni daşnaqlarının burnunu ovmağı demirəm…
Q.Salehzadə isə ancaq və ancaq öz merkantil maraqları üçün yaşayan birisidi. Kiminsə qohumu olmaq hələ onun inanclı insan olması da deyil… Və mən zərrə qədər də şübhə etmirəm ki, o cür adamların Həcc ziyarətləri də qəbul olunmur və batil sayılır.
O və onun kimilər nəinki tarixdə, heç gündəlik qəzet səhifəsində də qalmayacaqlar!..”
Seymur Əliyev